google-site-verification=KcSyDoiMoytcmfx5FPosKKBFBy01KVwFES1Ru5z1bKA google-site-verification: google5aa20a477de60c24.html Skandinav Falun boyası
top of page

Skandinav Falun boyası




Skandinav ölkələrinin ağ pəncərəli qırmızı evləri hər zaman insanlarda maraq doğurub.

Sahilyanı koteclərin, anbar və binaların qırmızı rəngə boyanmasının səbəbi nədir? Bu ölkədə bir rəngin bu qədər geniş istifadəsi təsadüfü ola bilməz. Bu maraq səbəbi öyrənmək üçün məni araşdırma aparmağa təşviq etdi. Qırmızının bu tonunun Falu Röd ("Qırmızı Falun") olaraq tanınması təsadüfü deyil. Oxuyub, axtardıqlarıma əsasən deyə bilərəm ki, rəngin mənbəyi elə onun adıdır.


Bu qırmızı boyanın yaranma tarixi eramızın 850-ci ilinə gedib çıxır. Həmin dövrdə isveçlilər Falun şəhərinin yaxınlığında yerləşən Böyük Mis dağında (Stora Kopparberget) mis hasil etməyə başlayıblar. İsveç krallığının iqtisadi lövbəri sayılan bu mədən zaman keçdikcə Avropanı mislə təmin edən nəhəng sənaye mərkəzinə çevrilib. Avropanın böyük güclərindən biri olan İsveç krallığı xərclərini Falun misi ilə ödəyirdi. Sonralar Stora Kopparbergetdəki mədəndə yalnız mis deyil, həm də kükürd, dəmir və bir sıra digər minerallar da hasil edilib. Mineralın çıxarılma üsulu sadə və ətraf mühit üçün olduqca zərərli idi. Nəticədə, ərazidə yaranmış qalın qara tüstü və kükürdlü üfunət qoxu nəfəs almağa mane olurdu. 1000 metr dərinliyi olan mədənin ətrafında bir neçə kilometr radiusda bitki örtüyü tamamilə yox olmuşdu. Qara tüstü və çirkli havası olan Falun yaşayış üçün ölkənin ən təhlükəli şəhəri hesab edilirdi. Mədən işçiləri və şəhər əhalisi öskürək, baş ağrısı və dəri problemlərindən əziyyət çəkirdilər. Mədəndə daxili təhlükəsizlik tədbirlərinin az olması tez-tez qəzaların baş verməsinə səbəb olurdu. Həmin dövrdə yaranmış bu mənzərəni bir sözlə ifadə etsək, Faluna yer üzünün cəhənnəmi deyə bilərik.



Mədən işçiləri filizlərin çıxarılması üçün qayalarda çatlar yaratmalı idilər. Buna divarı uzun müddət yandırmaqla və daşın üzərinə soyuq su atmaqla nail olurdular. Proses zamanı qara kükürdlü tüstü və buxar əmələ gəlirdi. Filizdən mis əldə etmək üçün üzərindəki kükürddən xilas olmaq lazım idi. Nəticədə, mədəndən çıxarılan filiz aylarla qovrulmalı idi. Proses zamanı xeyli miqdarda odundan istifadə olunurdu. 17-ci əsrin ortalarında ildə 100.000 kubmetrdən çox odun yandırıldığı təxmin edilir.



Bəs bu tarixin falun qırmızısı ilə əlaqəsi nədir? Bəs kiçik qırmızı kotteclərin burada rolu nədir?


Filizin uzun müddət qovrulmasının ikinci səbəbi (kükürddən xilas olmaqdan başqa) onu oksidləşdirərək dəmirdən xilas etmək idi. Nəticədə, qırmızı oxra və ya rödmul (qırmızı torpaq) adlandırılan dəmir hematit tullantılar əmələ gəlirdi. Tullantılar mədənin yanında qalaqlanıb təpələr yaradırdı. Bir müddət sonra ərazidə yaşayanlar tullantı təpəsində dayanan taxta dirəyin çürüməməsini müşahidə ediblər. Buna səbəb tullantıların tərkibindəki minerallar idi. Daha sonra mədən tullantılarından boya əldə etməyə başlanılıb. Bununla da Falu Röd ("Qırmızı Falun") boyasının istehsalının başlanğıcı qoyulub.

Əlbəttə, mədənlərin istifadə müddəti məhduddur. 17-ci əsrin sonunda mis ehtiyatlarının azalması və 1687-ci ildə mədənin çökməsi isveçliləri narahat etməyə bilməzdi. Onlar mis olmadan nə edə biləcəklərini düşünür və qırmızı boyanın kütləvi istehsalına başlayırlar. Ucuz, yerində qarışdırıla bilinən boya qısa müddət ərzində demək olar ki, bütün ölkədə məhşurluq qazanır. Qiymətli metal istifadə etmədən, qırmızı boya hazırlayaraq mədəndən yenidən pul qazanmaq ağıllı bir yol idi.




Tünd qırmızı "Falu Röd" hələ də İsveç və Finlandiyada məhşurdur. Rəngin orijinal istehsalçısı sayılan Falu Rödfärg hələ də bazarda böyük pay sahibidir. Falun mədəni 7-ci əsrdən fəaliyyət göstərir və Falu Rödfärq 1764-cü ildən fasiləsiz olaraq fəaliyyət göstərir.


Böyük qırmızı boya istehsalçısı ildə təxminən 2 milyon litr boya satır. İsveç iqlimi üçün əlverişli olan boyanın bir çox çalarları mövcuddur, o cümlədən tünd qırmızı və qara. Temperatur nə qədər yüksək olarsa, boya bir o qədər tündləşir. Bu gün qırmızı boyanı İsveçin bütün inşaat mağazalarından almaq olar. Amma boyanın qiyməti o qədər də ucuz deyil.



Maraqlı fakt

Falun ərazisində nişasta, soğan, duz və yumşaq ədviyyatlarla hazırlanan ənənəvi donuz və mal/dana əti tərkibli “Falunkorv” kolbasası çox məhşurdur. “Falukorv” sözünün mənası "Falundan hazırlanan kolbasa" deməkdir. ("korv" isveçcə “kolbasa”dır).

Bəs niyə bu kolbasa brendi Falunun adını daşıyır? Çünki Stora Kopparbergetdəki bu filizi dərinlikdən yerin səthinə çıxarmaq üçün öküzlərdən istifadə edilirdi. Digər tərəfdən istehsal zamanı yükləri qldırmaq üçün istifadə olunan kəndirlər heyanların dərisinində hazırlanırdı. Fəhlələr kimi öküzlər də kəskin tüstüyə məruz qalır və nəticədə tələf olurdular. Daha sonra onların ətindən ölkənin digər bölgələrinə göndərilən iri kolbasaların istehsalında istifadə edirdilər. Ölən öküzlərin sayı çoxaldıqca, kolbasa istehsalı da artırdı.







Maraqlı fakt

Stora Kopparberget İsveçdə böyük ekoloji fəlakət hesab edilir. Mədəndən çıxan zərərli tullantılar Falun ətrafındakı bitki örtüyünə ziyan vurub, ərazidəki balıq və heyvanların məhvinə səbəb olub. Buna görə də 1992-ci ildə mədənin fəaliyyətinə son qoyulub və o, 2001-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bu gün mədən muzey kimi fəaliyyət göstərir və oraya turlar təşkil olunur.



Maraqlı fakt

Falun boyası ilk dəfə İsveç kəndlərində yaşayan əhalinin daha kasıb kütləsi arasında məhşurluq qazanır. Evlərini bahalı ağ və ya sarı rəngə boyamağa üstünlük verən varlı təbəqənin nümayəndələri əsrin sonlarında qırmızı boyadan geniş istifadə etməyə başlayıblar.


bottom of page